FƏRİD ƏLƏKBƏRLİ

tarix elmləri doktoru, professor, http://www.alakbarli.aamh.az

 

DÜŞÜNCƏLƏR

AFORİZMLƏR

 

***

       Yalnız sağlam ruha və mənəviyyata sahib olan insanlar sağlam cəmiyyət qura bilərlər, və, tərsinə, sağlam cəmiyyət mənən sağlam Vətən övladı yetişdirir.

 

       Bu günlə yaşamayıb ancaq sabahı düşünənin, nə bu günü, nə dünəni, nə də sabahı olur.

 

       Tarix elmində millətçilik başını qaldıran kimi, tarix öz elmiliyini, obyektivliyini itiririr və əfsanəyə çevrilir.

 

       Şüursuz, nadan insanın Vətənə vurduğu ziyanı ən tədbirli zalım da vura bilməz. Xüsusən də o nadan imkan və vəzifə sahibi olsa.

 

       Ağılsız millətçi, ağıllı manqurtdan təhlükəlidir. Xüsusən də fəal olduqda.

 

       Bu dünyada ən böyük nemət azadlıqdır. Çünki yalnız azad insanda ləyaqət olur. Qul tox ola bilər, amma azad insan ac olanda belə, kölədən ləyaqətli və xoşbəxtdir.

 

       Hər adamın bu dünyada öz missiyası var. Balaca, böyük fərq etməz. Elə şeylər var ki, onları sən özün eləməlisən, çünki səndən başqa bu işi heç kim görməyəcək. Allah da insanı yaradarken, onu müəyyən bir missiyanın daşıyıcısı kimi yaradır. Missiyalar cürbəcür olur. Məsələn, sadə şeylər - uşaq böyütmək, ağac əkmək və s., və daha mürəkkəbləri Vətən uğrunda canını qurban vermək, rəssam olmaq, alim olmaq, həqiqət uğrunda çarpışmaq, dövləti idarə etmək, şirkəti idarə etmək, ingilab etmək, kiməsə dayaq olmaq və s. Əgər sən o missiyanı yerinə yetirirsənsə, deməli dünyada boş-boşuna yaşamırsan. Amma bir çox insanlar missiyalarının nədən ibarət olduğunu bilmir.

 

       Hər adamı başa düşmək, onun mövqeyinə dözümlə yanaşmaq olar, amma bu o demək deyil ki sən onun fikri ilə razılaşırsan onun mövqeyini dəstəkləyirsən. Cəmiyyətdə fikir müxtəlifliyi olmalıdır. Yalnız mən haqlıyam deyən haqsızdır. Onda cəmiyyətdə heç bir inkişaf olmaz. Lakin dözümlülük əqidəsizliyə çevrilməməlidir. Hər adamın öz mövqeyi olmalıdır. Qanunlara da ciddi riaiyyət etmək lazımdır. Belə hallarda tolerantlığın xeyiri ola bilər.

 

       Bu dünyada hər şeyin sonu var. Əvvəli olanın mütləq axırı da olmalıdır. Yalnız əvvəli olmayanın axırı olmur. Bu da ancaq başlanğıcı-sonu olmayan İlahi onun təcəssümü olan Kainatdir. Onlar əbədidirlər.

 

       Yeddi nəfər meşənin yanından keçir. Birincisi, meşəni mənasız ağac yığımı kimi görür. İkincisi: " ova getməli, qaban vurmalı yerdir!" - fikirləşir. Üçüncüsü, meşəni taxta-şalban mənbəyi kimi görür. Dördüncüsü oraya əlində balta odun toplamaq üçün gedir. Beşincisi, artıq orada dostları ilə kabablamağa hazırlaşır. Altıncısı meşəyə baxıb, gözəl mənzərə görür, ona valeh olur, həzz alır ürəyində şeir qoşmağa başlayır. Yeddincisi isə, ümumiyyətlə öz aləmindədir, meşənin yanından keçir, amma meşəni görmür.

 

       Dostluq təmənnasız olmalıdır. İnsanların arasına pul və şəxsi mənfəət məsələləri girən kimi, səmimiyyət dərhal itir. Hardan istəyirsən qazana bilərsən, amma yaxın adama qazanc mənbəyi kimi baxmamalısan.

 

       İnsana ziyan ən yaxın adamlardan deyir: qohumlardan, dostlardan, qonşulardan, iş yoldaşlarından. Uzaq adamlardan arxayın olmaq olar: onların ziyan vurmağa nə marağı, nə də imkanı olur.

 

       Son elmi məqaləmi cəmi 20 dəqiqəyə yazdım. İlk baxışdan, su içmək kimi asan bir şeydir. Amma bir şərtlə - ondan öncə həyatının 30 ilini təhsil, mütaliə, araşdırma və düşüncələrə sərf etməlisən.

 

       Bəşər oğlunun ən gözəl fəzilətlərindən biri AZADFİKİRLİLİKDİR.

 

       Niyə bəzi ölkələr başqalarından geridə qalır? Çox vaxt bunu səbəbi mühafizəkarlıqdadır. Cəmiyyətdə qayda qanun olmalıdır, amma ifrat mühafizəkarlıq ziyanlı şeydir. Özünüifadə azadlığı olmayan cəmiyyətlərdə adətən inkişaf və tərəqqi da olmur. Çünki tərəqqi yenilik deməkdir. Yenilik olmayan yerdə inkişaf ola bilməz. Yenilik isə fərdi özünüifadənin məhsulu, nəticəsi və davamıdır.

 

       İnsan fədakar olmalıdır. Müəyyən mərhələdə öz şəxsi maraqlarını neyəsə qurban verməyi bacarmayan fərd, insan deyil.

 

       Tarix elmi çox maraqlı və, eyni zamanda, çox qeyri-obyektiv elmdir. Bütün dünyada tarixçilərin bir qismi yalan danışır. Sabahı düşünmək, gələcək nəsillər üçün gözəl gələcək qurmaq əvəzinə, insanlar öz tarixi keçmişlərini deyişməyə, orada "düzəlişlər" etməyə çalışırlar.

 

       İnsan oğlunun sirri ondan ibarətdir ki, o, böyük olduğu qədər kiçik, və qüdrətli olduğu qədər acizdir.

 

       İnsan çox bildikcə, nə qədər az bildiyini daha da aydın başa düşməyə başlayır. Ona görə çox az bilən, cəmi bir-iki kitab oxumuş insanlar adətən öz biliklərinə daha əmindirlər və çıxartdıqları nəticələrdə daha israrlıdırlar.

 

       Bəzən bu dünyanın səs-kuyundan uzaqlaşıb, sükut və səssizliyi "dinləmək" insana zövq və rahatlıq verir. Sükut onu dinləməyi bacaranlar üçün ən gözəl musiqidir.

 

       Azərbaycan türkçülüyü heç də Türkiyə türklərinə yarınmaq məqsədini daşımır. Türkiyəlilər bizim qardaşlarımızdır, amma Azərbaycanda türkçülük ilk növbədə Azərbaycan türklərinin özlərini, şanlı tarixlərini tanıması və öz milli köklərinə qayıtması üçün vacibdir.

 

       Sevginlə, sevincinlə, biliklerinlə bölüş. Amma xüsusi ehtiyac olma dan, öz fikrini zorla başqalarına aşılamağa çalışma. Yoxsa sən yemək istəməyən uşağa zorla yemək yedizdirən, ağlayan və müqavimət göstərən körpənin ağzına güclə püre, sıyıq, kotlet dürtən valideynə oxşayacaqsan.

 

       Ən sadə şeylərdə böyük hikmətlər gizlənir. Sadəcə onları görmək lazımdır.

 

       Böyük insan olmasan da, sadəcə nornal insan; boyuk millət olmasan da, sadəcə normal millət; böyük dövlət olmasan da, sadəcə normal dövlət ol. Böyüklüyə gedən yol burdan başlayır.

 

       Bacarıqlı aşbaz rəssam ya bəstəkara bənzəyir. Hər yemək növü bir simfoniyadır. Onu bəstələmək "ifa" etmək peşəkarlıq istedad tələb edir. Səviyyəli aşbaz virtuoz pianoçu kimidir - onun xüsusi istedadı güclü estetik zövgü olmalıdır. Aşbazın özü yemək həvəskarı, qurman olmasa, onun hazırladığı yeməklərin ləzzəti olmayacaq.

 

       Vicdan məsuliyyət pis şeylərmiş. Öz problemlerinlə yanaşı, başqa insanların, cəmiyyətin Vətənin dərdini yaşamalı olursan. Halbuki, bəzən özün özündən soruşursan: "Axı sənin vecinə? Bəyəm onlar səni vaxtsa fikirləşiblər ki, sən daim onlardan nigaransan?". Amma xeyri yoxdur: vicdan sağalmayan insana ömür boyu ağrı verən bir xəstəlikdir. Çox şeyə haqlı olaraq tüpürmək istəyirsən, amma bacarmırsan. Deyirlər ki, Allah insanı cəzalandırmaq istəyəndə, onun ağlını əlindən alır. Xeyr. Bunun ücün o sadəcə insana vicdan bəxş edir.

 

       Azadlıq nəyisə "elə belə", təmənnasız etmək bacarığıdır. Həqiqi yazıçı öz əsəri özü istədiyi kimi yazır, qətiyyən oxucunun zövqünə yarınmır. Yalnız bu təqdirdə dəyərli sənət əsəri yaranır. Çünki nəyəsə kiməsə yarınaraq yazılan əsərdə təbiilik, səmimiyyət olmur - o, saxtadır. Pul mənfəət gətirə bilər, amma uzun yaşamayacaq klassik əsərlərin sırasına daxil olmayacaq.

 

       Bəzi kolleksionərlər pul, marka, antikvar əşyaları, mən isə maraqlı və nadir insanları toplayıram. Belə insan mütləq qeyri-adi istedadlara, çox nadir əqli, mənəvi keyfiyyətlərə malik olmalıdırlar. Bu cürə adama rast gəlmək, dəfinə tapmaq kimi bir şeydir.

 

       Bəşər övladı ilə diqqətli olmaq lazımdır. İnsan incə qəlbli, kövrək ruhlu, küsəgən və əsəbi bir məxluqdur. Zahirən güclü, özlərinə əmin şux və şən görsənənləri bələ. Ən adi və ən haqlı sözümüz, ən xoş niyyətlə deyilən kəlməmiz insanların könlünə deyə, onları əsəbiləşdirə bilər. Ona görə, ünsiyyət bacarığı asan iş deyil. İnsanlarla düzgün təmasda olmaq üçün sadəcə dil bilmək kifayət deyil, hər insanın öz dilini bilmək lazımdır. Bunun üçün psixoloq olmaq tələb olunur. Ünsiyyət psixologiyasını bilmədən nə ictimai, nə də siyasi fəaliyyətdə uğur qazanmaq mümkün deyil.

 

       Bütün insanlar özünəməxsusdur və onların daxili dünyaları da fərqlidir. Sənin adi və təbii saydığın bir şey başqasına səhv və əcaib görsənə bilər. Sənin bildiyini və duyduğunu o bilməyə və duymaya bilər. Və əksinə, sənin onun iç dünyasından xəbərin olmaya bilər. Ona görə, bir insana nəsə deməkdən əvvəl, onun ürəyini oxu, qorxularını, arzularını və ümidlərini hiss etməyə çalış. Minaaxtaran döyüş meydanında minalarl bir-bir aşkar etdiyi kimi, sən də onun şüurunda yaralı yerləri tap və lüzum olmadan onlara toxunma. Buna insanlarla ünsiyyət qurmaq bacarığı deyirlər. Əks halda sus, və insanlarla yox, əşyalarla, əmək alətləri ilə işlə. Onlarla davranmaq daha asandır.

 

       sevgi, nifrət obyektiv ola bilməz. Əgər bir insanı seviriksə, onun hətta nöqsanları da bizə üstünlüklər kimi görsənir, əksinə, sevilməyən insanın üstünlüklərini çox vaxt nöqsan kimi qəbul edirik. Məsələn, eyni adamı onu sevənlər səxavətli, sevməyənlər isə israfçı, sevənlər - ciddi, sevməyənlər - qaraqabaq, sevənlər - zaraftçıl, sevməyənlər - sırtıq, sevənlər - qürurlu, sevməyənlər - isə yekəxana deyəcək.

 

       Dünyadan zövq almaq bir növ sənətdir. Alaq otlar içində gözəl bir çiçəyi, qara buludlar arasında işıldayan parlaq günəş şuasını görmək, dünyanın gözəlliyindən zövq almağı bacarmaq deməkdir.

 

       Dərviş fəlsəfəsi: Evin varsa, ev sənindir. Pulun varsa, pul senindir. Vəzifən varsa, vəzifə senindir. Evin, malın, pulun, vəzifən yoxdursa, bütün Dünya sənindir.

 

       Hər hansı obyektdən estetik zövq almaq üçün onu zahirən, dərinə getmədən müşahidə etmək lazımdır. Məsələn, gül-çiçək zahirən gözəldir, amma biz onu mikroskopun altına qoysaq, toxuma və hüceyrələrdən başqa heçnə görməyəcəyik. Çiçək vahid bir varlıq kimi gözümüzdən yox olacaq və bizi vaheh edən gözəlliyini itirəcək. Ona görə də çiçəyi mikroskopun altına qoymazdan öncə özümüzə sual verməliyik: "Bunu etməklə biz nəyə nail olmaq istəyirik? Çiçəyin quruluşunu və biokimyəvi tərkibini öyrənmək, yoxsa onun gözəlliyindən estetik zövq almaq?". İkinci halda mikroskopdan imtina olunmalıdır. Başqa misal: yağlı boya ilə çəkilmiş rəsm əsərinə bir qədər uzaqdan baxmaq lazımdır. Yalnız onda biz tablonun gözəlliyini görə bilərik. Çox yaxın dursaq, yağlı boya ləkələrindən başqa gözümüzə bir şey görünməyəcək. Gözəl binaya da müəyyən məsafədən baxılmalıdır, əks halda biz onun ayrı-ayrı elementlərini, daşın üstündə olan ləkə, çat və deşikləri çox yaxşı görəcəyik, amma bütöv bina gözümüzə görünməyəcək. Nəticədə, möhtəşəm bir sarayın ümumi gözəlliyindən estetik zövq almaq əvəzinə, onun xırda nöqsanlarının müşahidəsinə aludə olacayıq.

 

       Mənim bir tanışım var: cəmi 30 yaşı olsa da "qocaldım" sözünü yaman çox işlədir. Məsələn, birisinə deyir: "Sənə ən adi şeyləri başa salınca, qocaldım!", ya da ki: "Əsəbləşdirməyin məni, sizin əlinizdən qocaldım!", və s. Əvvəl bu mənə gülməli gəlirdi. Amma sonra başa düşdüm ki, bu sözlərdə bir həqiqət var. Əslində, insanları tək yaş qocaltmır, onları əhatə edən mənasız, yorucu və dayaz mühit qocaldır.

 

       Xalqın tacir ruhlu olması pis deyil. Amma bir əmması var... Ruhən tacir olan insanlar, bəzən hər şeyi ticarət obyektinə çevirirlər, o cumlədən ictimai fəaliyyəti, milli maraqları, yüksək amalları, namusu vicdanı.

 

       Elə adamlar var ki, fərsiz olsalar da, hamıya sərf eləyirlər. Çünki təhlükəsizdirlər. Alışmayan kibrit, yalançı tapanca partlamayan qumbara kimidirlər.

 

       Bəzən elə fikirləşirlər ku, qədim zamanlarda müsəlman Şərqində yumor deyilən şey olmayıb, əski müsəlmanlar ifrat dərəcədə ciddi, qaraqabaq, zarafat başa düşməyən adamlar olublar. Molla Nəsrəddinlə yanaşı, ortaəsr yazısıçı Əbu Osman əl-Cahiz (775-868 illər) də bunun əksini sübut edir: Gülüş uşağın duyduğu ilk nmətdir, gülüşün səbəbinə o özünü yaxşı hiss dir. Gülüş piyin toplanmasına və qanın çoxalmasına kömək dir ki, bunlar da onun güc və svincinin mənbəyidir Əgər gülmək və güldürmək ybəcər hsab dilsəydi, onda gözəl bir gül və rəng-bərəng parça, qiymətli bəzək və gözəl imarət haqqında dməzdilər ki, o, sankı gülür! (Əbu Osman əl-Cahiz. "Kitabül-büxəla" - "Xəsislər haqqında kitab" , IX əsr).

 

       İnsanın bu dünyada bir vəzifəsi var: iradəli, güclü və qalib olmaq. Ancaq bu təqdirdə o xeyirxah işlər görə və başqalarına xeyir verə bilər .

 

       "Qərb Qərbdir, Şərq isə Şərq, və onlar heç zaman birləşə bilməz". Bunu ingilis yazıçısı R.Kipling demişdi. Bu doğrudanmı belədir? Axı biz bu gün ikisinin də irimiqyaslı inteqrasiyasının şahidiyik. Əslində, Şərqin və Qərbin hərəsinin öz üstünlükləri və gözəllikləri var, və inteqrasiya mümkündür, amma baxır hansı sahədə. Məsələn, incəsənətdə, memarlıqda, modada inteqrasiya çox gözəl və uğurlu alınır. Əksinə, Şərq və Qərb mentalitetlərinin, həyat fəlsəfələrinin sintezi uğursuz olur. Burada doğrudanda gərək iki yoldan birini secəsən - ya Qərb olasan, ya da Şərq olaraq qalasan.

 

       İnsanlar tarix boyu yalan danışanı dost, həqiqəti deyəni isə düşmən sayıblar. Səbəbi: həqiqət çox vaxt acı olur, insanlar isə "şirin təamlara" alışıblar.

 

       Bir tanış amerikalı deyir: "Sizde Bakıda Kitab Evində yaxşı yemək verirlər, amma orada Menyudan başqa kitab yoxdur". Sən demə "Kitab evi"nin yerinə "Qutab evi"nə giribmiş.

 

       Ən gözəl müəllim həyatdır. Əlbəttə, həyat riyaziyyat müəllimi deyil, müdriklik, kamillik müəllimidir. Riyaziyyatı müəllimdən öyrənə bilərsən, müdrikliyi isə yalnız həyat özü öyrədir. Əgər insan kamilliyi, müdrikliyi həyatdan öyrənə bilmirsə, onu heç bir müəllim öyrədə bilməz.

 

       Müdrik insan nə qədər çox bilsə belə, öyrətməyə yox, özü üzərində işləməyə, daha çox düşünməyə, öyrənməyə və öyrəndiklərini təhlil etməyə üstünlük verər.

 

       Ömür boyu gələcək üçün çalışırıq, əlləşib vuruşuruq. Bu, yaxşıdır, amma... Amma bu gününü yaşamayanın, nə bu günü, nə dünəni, nə də sabahı olacaq. Cünki həyat "bu günlər"dən ibarətdir. Özü də həyat çox qısadır. Hər şeyin, hər əməlin öz vaxtı var. Bu gün görülməli işləri sabah yox, o birisi gün yox, məhz bu gün görməliyik. Çünki sabah onları etsən də, etməsən də, artıq bunun heç bir mənası və nəticəsi olmayacaq. Ona görə, gələcəyi düşünsək , bu günümüzü yaşamalıyıq.

 

       Hər insan bir ulduzdur. Yaranır, parlayır, yanır sönür. Ulduzlar milyonlarladır. Onlar bir-birinin parıltısını görür, amma bir-birindən əlçatmaz dərəcədə uzaqdırlar.

 

       İnsanlar çox vaxt yalnız öz xeyirlərinə olan şeyləri ədalətli, mənafelərinə toxunan hər şeyi isə ədalətsiz sayır, və istəyir ki, şəxsən onlara sərfəli olan haqq-ədalət öz yerini tapsın.

 

       Bugün, bu saat neyə nail oldunsa, onun bəhrəsini mehz bu gün, bu saat almağa çalış. Çünki o imkan dünən olmadığı kimi, sabah da, bir saatdan, hətta bir dəqiqədən sonra da yenə həmişəlik yox ola bilər.

 

       Bir uçurum var insanların arasında. Bəziləri yer üzərndə gəzir, bəziləri yerin altında yaşayır, bəziləri isə göylərdə ucur. hərənin öz dünyası var.

 

       Yaxşını pisdən seçə bilmək üçün ağıl lazımdır. Ona görə ağılsız bir kəs yaxşı adam ola bilməz.

 

       Cəsur insan ruhən azaddır, qorxaqlıq ise koləliyə və əsarətə aparır. Sözsuz ki, bəzi şeylərdən ehtiyat etmək lazımdır. Lakin ehtiyat qorxudan deyil, yalnız ağıl və məntiqdən irəli gəlməlidir.

 

       Ləyaqət zəfaranlı plov kimi bir şeydir - hər kəsin malı deyil. Ləyaqət hər adamda olmur və hər adama lazım da deyil. Çünki ləyaqət qurban tələb edir. Çox vaxt ləyaqətini qorumaq üçün çox şeyi itirməli, qurban verməli olursan. Ona görə bir qism insanın ləyaqətdən başqa heç nəyi yoxdur, başqalarında isə ləyaqətdən başqa hər şey var. Buna baxmayaraq, ikincilər birincilərə həsəd aparır, və onları ləyaqətlərinə xəyanət etməyə təhrik edirlər.

 

       Mədəniyyət və vəhşilik hər ikisi böyük qüvvədir. Biri yaradıcı, o birisi dağıdıcı. Amma dünya təzadlarla doludur. Mədəni xaqların əvvəli yaxşı olur, sonu isə pis. Mədəni romalılar əvvəl dünyanı fəth etdilər, sonda isə vəhşi barbarlar onları məhv edib bitirdiler.

 

       Hər bir islahatın bünövrəsi olmalıdır. Heçnədən isə yalnız heçnə törəyə bilər. Möcüzələr yalnız nağıllarda olur. Real həyatda isə hər şey məqsədyönlü, davamlı zəhmət nəticəsində əldə olunur - istiqamətin düzgün seçilməsi və minimal qabiliyyətin olması şərtilə. Yəni, ali riyaziyyata yiyələnməkdən öncə adi hesabı, ondan əvvəl isə ümumiyyətlə yazıb-pozmağı öyrənmək lazımdır.

 

       Bakıda bir varlıdan soruşuram: "Sən xoşbəxtsən, yoxsa bədbəxt?" Deyir: "Bədbəxt!". Soruşuram: "Niyə?". Deyir: "Filan, filan və filan şeylərim yoxdur, filan və filan işlərim alınmır". Romada bir bomjdan soruşuram: "Xoşbəxtsən, yoxsa bədbəxt?". Deyir: "Xoşbəxt!". Soruşuram: "Niyə?". Deyir: "Axmaq-zadam ki, bədbəxt olum?!".

 

       Bu dünyanın dərdi çoxdur, hər dərdi özünə dərd eləmə. Diqqətini dünyanın işıqlı tərəflərinə yönəlt, vaxtaşırı gül, sevin, həyatı sev.

 

       Özünü xoşbəxt hesab edən insan həqiqətən də xoşbəxtdir. Ona görə də xoşbəxt olmaq hər adamın öz əlindədir. Bu, mal və pula sahib olmağla deyil, insanın fikirləri və əhval-ruhiyyəsi ilə bağlıdır.

 

       Mənəviyyat və əxlaq insan yaşamının sütununu təşkil edir. Bunların ikisi də eyni şeydir mi? Yox. Əxlaq cəmiyyətdə davranış normalarıdır, mənəviyyat isə maddiyatın əksi olan zəngin daxili dünyadır. Məsələn, gözəlliyi hiss etmək, incəsənəti başa düşmək, sevməyi bacarmaq, qeyri-maddi şeylərdən zövq almaq, təxəyyülə, estetik zövqə sahib olmaq mənəviyyatdır. Əxlaq normaları müxtəlif ölkələrdə və xalqlarda bir birindən fərqlənə bilər, mənəviyyatın isə ünvanı, milli mənsubiyyəti yoxdur. Əxlaq mənəviyyatsız ola bilər, və bu təqdirdə o sadəcə mahiyyətsiz bir forma və görüntüdür. Mənəviyyatlı insanlar da bir birindən fərqlənən müxtəlif milli əxlaq normalarının daşıyıcıları ola bilərlər. Hər halda, hər ikisi, əxlaq və mənəviyyat bir yerdə olsa daha yaxşıdır.

 

       Müxləlif istedadlar içində yaşamağı bacarmaq istedadı də vardır. Yəni Tanrının bəxş etdiyi dünyadan zövq almaq qabiliyyəti. Bunu hər adam bacarmır. Bəlkə də kurslar açmaq lazımdır. Bədbəxt insan nə başqasını xoşbəxt edə bilər, nə də ölkə və millət üçün bir xeyir gətirər.

 

       Hər bir ölkədə qalarkən, ilk növbədə o ölkənin dilini öyrənmək lazımdır. Amma "xalqın dilini bilmək", təkcə onun dilində danışmağı bacarmaq demək deyil, onun psixologiyasını başa düşmək deməkdir.

 

       İnsanın dünyagörüşü onun vərdiş etdiyi həyat tərzi ilə sıx bağlıdır. Məsələn, siqaret çəkən və bundan həzz alan insan bəzən siqaret çəkməyənləri başa düşmür. Amma siqareti tərqidəndən sonra həmin insan artıq siqaret çəkənləri anlamır və özünün indiyə qədər bu ziyanlı vərdişə necə və nə üçün aludə olduğunu başa düşmür. Qarınqulu adam özünü ləzzətli yeməklərdən məhrum edə bilmir və hesab edir ki, pəhriz saxlayan kəslər özlərini həyatın ləzzətlərindən məhrum edirlər. Amma özü pəhrizə alışandan və bunun xeyrini görəndən sonra, artıq qarınqulu adamlara ironiya ilə baxmağa başlayır. Yəni, insanların həyat tərzi dəyişdikcə, onların dünyagörüşü və həyata baxışları da deyişir.

 

       Gözəl şüarlarla və yalançı vədlərlə pərdələnən ifrat siyasi liberalizm millət üçün faşizmdən daha təhlükəli ola bilər, çünki o millətin, dövlətin, torpağın, azadlığın, mədəniyyətin və namusun əldən getməsi ilə nəticələnir.

 

       Keyfiyyətli insan kütləsi ölkənin inkişafi üçün əsas amilidir. Savad və mənəviyyat olmayan yerdə nə böyük pullar nə də müasir texnologiyalar fayda verməz.

 

       İnsanları bəzən müxtəlif irili-xırdalı kompromislərə getməyə dəvət edirlər. Prinsipial olmayan məsələlərdə güzəştə getmək olar. Amma bir sıra müqəddəs məsələlər var ki, onları istənilən mala və pula satmaq mümkün deyil. Çünki onları itirdikdən sonra sən özün özünə xəyanət etmiş və mənliyini itirmiş olursan. Nə mal nə də pul isə insana itirilmiş şəxsiyyəti, mənliyi və insan ləyaqətini qaytara bilməz. Əgər onda o şəxsiyyət, ləyaqət və mənlik əvvəldən varmışsa, əlbəttə.

 

       Eyni sözlər sabiq sovet leksikonunda və qalan insanların dilində fərqli məna daşıyır. "MİLLƏTÇİLİK" sovetlərdə mənfi şey sayılıb, qalan dünyada isə bu "milletini sevən" deməkdir və "vətənpərverlik" sözü qədər müsbetdir. Bəzən "millətçi" sözünü guya daha mülayim olan "vətənpərvər" sözü ilə əvəz edirlər. Bu düzgün deyil, çünki bunlar başqa-başqa şeylərdir. "Millətçilik" sırf öz millətini, etnosunu sevmək deməkdir, "vətənpərvərlik" isə torpağa, vətənə, dövlətə, ölkəyə bağlılıqdır. Əksər hallarda adamda bunların biri olduqda, o birisi də olur, amma onlar ayrı ayrılıqda da mövcud ola bilərlər.

 

       Taktiki uğur hələ də strateji qələbə demək deyil, və əksinə, müvəqqəti taktiki güzəşt strateji qələbə ilə nəticələnə bilər. PirrHannibalın, Napoleon və Hitlerin böyük qələbələri taktiki xarakter daşıyırdı, və sonda strateji məğlubiyyətlə nəticələndi. Uzunmüddətli və qlobal planlar cızan insanlarda strateji təfəkkürün olması vacibdir.

 

       Güclünün zəifə hücum etməsi mərdlik deyil, zəifin daha güclü olana yetərincə cavab verməsi mərdlikdir. Mərdlik ruhun gücüdür və çox vaxt fiziki gücü məğlub edir.

 

       Dostlardan çox şey tələb edən, axırda dostsuz qalar. Əgər bir adam o birisini həqiqətən də özünə dost sayırsa, ona yaxşı münasibət bəsləyirsə, ona qarşı alçaqlıq, əclaflıq, satqınlıq etmirsə, və vaxtı, imkanı, həvəsi olanda ona təmənnasız olaraq vaxt ayırır, nəsə bir dəstək verirsə, bunların özü böyük şeydir. Daha bu adamdan fövqəladə fədakarlıq, qəhrəmanlıq, qeyri-adi nəzakət, sonsuz diqqət, dəqiqlik və sədaqət gözləmək lazım deyil. Zəhəndəlik edib insandan çox şey istəsən, öz iddia və tələblərinlə onu yorsan, o əlindən qaçıb gedəcək. Onsuz da hər bir insanın həyatı problemlərlə doludur. İnsanlar çalışmalıdırlar ki, bir biriləri üçün artıq problem yaratmasınlar.

 

       Dünya tamam korlanıb. Qabaqlar, 30-40 il bundan öncə, dövlətlər heç olmasa ideologiya ilə maskalanırdılar, müəyyən çərçivələrdən çıxmamağa çalışırdılar, indi isə yalnız çılpaq yırtıcılıq, hərislik və heyvərəlik qalıb. Nə Sovetin varisi olan Rusiyada sosial bərabərlik və beynəlmiləlçilik ideyaları, nə də Türkiyədə həqiqi türkçülük qalmaqdadır. Artıq nə Amerika demokratiya carçısı, nə də Avropa sabitlik və rasionallıq nümunəsidir. Müsəlman ölkələri də göz qabağında. Maskalar çıxarılaraq, qırağa atılıb. İdeologiyasız, əqidəsiz, yiyəsiz, qayda-qanunsuz, azğınlaşmış, namərd, fəlakətə yuvarlanan bir dünya formalaşır. Bircə Uzaq Şərq, Çin öz mahiyyətini deyişmir. Onların iç dünyası min il öncə necə vardısa, indiyə kimi eləcə də qalır.

 

       Özünə güvənmək böyük şeydir. Özünü daim başqa adamlarla tutuşdurub bəyənməmək əvəzinə, vücudunu olduğu kimi qəbul edib sevmək daha yaxşıdır. Söhbət həm daxili keyfiyyətlərdən, həm görkəmdən, həm də maddi durumdan gedir. İnsanlar müxtəlifdir, amma heç kim heç kimdən artıq və ya əskik deyil. Özünə və başqalarına hörmət etmək ruhunda tərbiyə almış azad, ləyaqətli insan bu cürə düşünür. Belə bir yanaşma insanı yersiz komplekslərdən azad edir, neqativ emosiyaların, bədbinliyin, paxıllığın, yersiz incikliyin qabağını alır, və, beləliklə də, insanın həyatını gözəlləşdirir.

 

       Deyirlər ki, it ağıllı heyvandır. Onun insandan bircə fərqi odur ki, it insan kimi hər şeyi başa düşür, sadəcə danışmır. Məncə, bu belə deyil. Çünki insanların arasında da, elələri var ki, eynən dördayaqlı dostumuz kimi, hər şeyi başa düşür, amma danışmır. Adam da var ki, heçnə başa düşmür, amma danışır.

 

       Əqidəli insan hörmətə layiqdir, əqidəsi yanlış olsa belə. Yanlış əqidəli insan əqidəsiz insandan yaxşıdır. Bir də öz peşəsinin fanatları, hobbisi olan insanlar, puldan başqa müxtəlif mücərrəd şeylərlə maraqlananlar. Onların mövcudluğu millətin inkişafı üçün vacibdir.

 

       Fizikada Eynşteynin nisbilik nəzəriyyəsi var, fəlsəfədə isə "relyativizm" (relative - nisbi) adlı anlayış. Bunları bəzən bir-biri ilə qarışdırırlar. Eynşteynın nəzəriyyesi fiziki aləmə aiddir, relyativizm isə insanlararası münasibətlərə. Məsələn, relyativistlər deyirlər ki, həyatda hər şey nisbidir. Həqiqi dostluq, həqiqi məhəbbət, həqiqi gözəllik, həqiqi savad, həqiqi ağıl, həqiqi düzgünlük, həqiqi vicdan, həqiqi din, həqiqi həqiqət, həqiqi fakt, ümumiyyətlə "həqiqi" hec bir sey yoxdur. Hər sey nisbidir. Bu adamlar tez-tez Eynşteynə istinad edirlər. Halbuki Eynşteyn heç vaxt belə şeylər deməyib. Fəlsəfi relyativizm Eynşteynin nisbilik nəzəriyyəsi fərqli şeylərdir. Relyativizm nəyə qulluq edir? Yaramaz hərəkətlərə haqq qazandırmaq üçün əla vasitədir. Məsələn, birisi vicdansızlıq edir. Soruşanda: "Niyə vicdansızlıq etmisən?" Deyir: "Bu vicdansızlıq deyil. Sizə elə gəlir. Hər şey nisbidir".

 

       Kamillik gözəllikdir. Gözəllik kamillik. Ağıl, savad, mənəviyyat gözəllikdir. Yaxşı əhval-ruhiyyə, xoş niyyət, gözü toxluq da gözəllikdir. Gözəlliklərə qiymət verən, onları duya görə bilən birisi gözəl kamil insandır. Eybəcərlikdən danışmaq istəmirəm. Hamı onsuz da onlardan danışır. Yaşasın gözəllik.

 

       Giclər adama ağıl öyrədir, qeyrətsizlər qeyrət dərsi verir, qorxaqlar cəsarət öyrədir, qullar azadlıqdan dəm vurur. Əsrlər boyu belə olub.

 

       Alim hansı elm sahəsində çalışırsa çalışsın, fizikanın, kimyanın və biologiyanin əsaslarını bilməlidir. Çünki fiziki dünyanın bütün hadisələri bu üç elmin qanunlarına uyğun cərəyan edir. Bu qanunları bilmək filoloqlar, tarixçilər, ilahiyyatçılar, psixoloqlar və sosioloqlar üçün də vacibdir.

 

       İdrak və intellekt sərhəd və məhdudiyyət bilmir. Alim öyrəndiyi sahə üzrə faktları aşkar və təhlil edir, və onun gəldiyi nəticələr onun zövqü və istəyi ilə yox, sırf məntiq və sübutla bağlıdır. Məntiqə uyğun olan və danılmaz dəlillərlə subut olunmuş hər bir fakt elmidir, baxmayaraq ki, o kiminsə xoşuna gəlməyə bilər. Elm emosiya bilmir: fakt müqəddəsdir. Hər bir fakt faktlığında qalır və əks mövqe sübut olunmayana qədər etiraf olunmalıdır. Bu cəhətdən dəqiq elmlərdə (fizika, kimya, riyaziyyat və s.) fantaziya və ideologiyalardan fərqli olaraq, birmənalıq və dəqiqlik var. Çünki ortalıqda çılpaq bir fakt mövcuddur. Bu fakta münasibət müxtəlif ola bilər, amma faktın özü etiraf olunmalıdır. Bütün dəqiq elmlər faktoloji əsaslar üzərində qurulub. Faktlar olduğu kimi etiraf olunmayan yerdə, nəinki kompüterləri və teyyarələri, heç samandan səbət, gildən saxsı qab da hazırlamaq mümkün olmayacaq. Beləliklə bəşəriyyətin elmi-texniki inkişafi danılmaz faktların etirafi əsasında qurulub. Faktın etirafı və obyektivlik əsl elmi fərqləndirən cəhətlərdir. Elmin ideologiyadan fərqi bundadır. Bunu başa düşən toplumlarda elm mövcuddur və cəmiyyət tərəqqi edir.

 

       Heç nədən inciməyən və az əsəbiləşən şəxs bir növ Kamil İnsandır. O. mənən və ruhən güclüdür və onun kompleksləri azdır.

 

       Batin və zahir bir biri ilə sıx bağlıdırlar, köklə gövdə bir biri ilə bağlı olduğu kimi. Batinlə bağlı olmayan zahir qadının üzünə çəkilen pudra kimi sünidir. Üfür, bir az su vur gedəcək. İnsanın hərəkətləri, sözləri də bir zahirdir ki, onun batininden, yəni mənəviyyatından irəli gəlir. Batini deyişməmiş zahiri də deyişdirmək mümkün deyil. Uzaq başı, bu deyişiklik kosmetik xarakter daşıyacaq.

 

       Beynəlxalq elmi tədbirlərdə iştirakın iki şərti var: elmilik və tərəfsizlik (obyektivlik). Ortalıqda hap-göp və pafos yox, faktlar olmalıdır. Sonuncu şərt çox vacibdir, xüsusən humanitar elmlər sahəsində beynəlxalq akademik tədbirlərdə iştirak edənlər üçün. Tədqiqatçı mövqeyini elə təqdim etməlidir ki, onun obyektivliyine şübhə qalmasın. Məsələn, öz ölkənisini, onun tarix ve mədəniyyətini həddindən artıq, ifrat formada tərifləmək, nailiyyetləri şişirtmək, emosiyalara qapılmaq ciddi qəbul olunmur. Bu tipli məruzələr araşdırma kimi yox, təbliğat kimi qarşılanır. Rus dilindən fərqli olaraq, ingilis dilində "propaganda" (təbliğat) sözü sırf mənfi məna daşıyır. Ona görə nəyisə təbliğ etmək istəyən məruzəçi alim, gərək mövzunu o dərəcədə elmi və incə şəkildə təqdim etsin ki, onu dinləyən mütəxəssislərdə bu materialın "propaganda" olması fikri formalaşmasın.

 

       Hər bir insanın müəyyən etik normalar çərçivəsində öz fikrini söyləməyə hüququ olmalıdır. Çünki her bir söylenmiş fikir intellekt torpağına atılmış bir toxumdur. Bu toxumların sayı nə qədər çox olsa, bir o qədər yaxşıdır. Onların bir hissəsi zay çıxsa da, qalan hissəsi cücərib mədəniyyət bağının bar verən ağaclarına çevriləcəklər.

 

       Keçmişdə məktəblərdə, universitelərdə "məntiq" adında bir fənn tədris olunurdu. İndi isə o ancaq bəzi fakültələrdə öyrədilir. Mən bu fənni orta məktəblərdə bərpa edərdim. Çünki bir çox səhvlərin, uğursuzluqların kökündə məntiqlə düşünməyi bacarmamaq durur. Məntiq toplanmış bilikləri sistemləşdirməyə və onlardan düzgün nəticə çıxarmağa kömək edir. Məntiq - idrakın esas alətidir. "Məntiq onsuz da bütün normal insanlarda var", "hər bir insan məntiqi özü, müəllimsiz qavrayır" fikirləri düzgün deyil. Məntiq ciddi bir fənndir. Onu mütləq öyrətmək lazımdır. Dərs vəsaitləri də indikiləri kimi olmamalı, sadə və anlaşıqlı dildə yazılmalıdır.

 

       İki söz var ki, onlardan ehtiyatla istifadə etmək lazımdır: "heç vaxt" və "həmişə".

 

 

 

 

***

 

- Fərid Ələkbərli, 2015