image 2

    e-mail: tarixplus@yahoo.com

Qonaq kitabı

SİRACƏDDİN ŞİRVANİ ƏFƏNDİ

Şirvanlı Şeyxin Osmanlıda Türbəsi

26 Fevral, 2016 | Müəllif: admin
Siracjaddin Shirvani's Tomb in Amasya
Türkiyənin Amasya şəhərində Mövlanə İsmayıl Siracəddin Şirvaninin türbəsi (1869 il).

Amasya şəhərində inşa edilmiş bu türbədə sufi şeyxi Mövlanə İsmayıl Siracəddin Şirvaninin, onun oğlu İstanbulun baş qazısı Əhməd Hülusi Əfəndi Şirvaninin və kürəkəni Hacı İsa Ruhi Əfəndi Şirvaninin qəbrləri yerləşir. Türbə 1869-cu ildə Siracəddin Şirvaninin oğlu Osmanlı dövlətinin Sədrazəmi (baş naziri) Şirvanizade Mehmed Rüştü Paşanın göstərişi ilə Amasyanın Şamlar Məhəlləsində şəhərə hakim yükseklikdə bir təpə üzərində inşa edilmişdir.

image 1

Şirvan bölgəsindən olan Azərbaycan türkləri Amasyaya XIX əsrin əvvəllərində Şirvan xanlığı Çar Rusiyası tərəfindən işgal olunandan sonra köçməyə başlamışlar. Burada məskunlaşmış ziyalılardan biri də məşhur sufi mütəfəkkiri Mövlanə İsmayıl Siracəddin Şirvani idi.

İsmayıl Siracəddin Şirvani 1782-ci ildə Kürdəmirdə anadan olmuş və ilk təhsilini Məhəmməd Nuri Əfəndidən almışdı. 18 yaşında təhsilini davam etdirmək üçün əvvəlcə Ərzincana, sonra da Tokata gedir və Övliyazadə, Şeyx Yəhya Mərvazi kimi alimlərdən hədis elmini öyrənir. Sonra fiqh elminə yiyələnir, Bağdad və Burdura səyahət edir. İstanbul, Bağdad və Bəsrə şəhərlərində təsəvvüfə dair biliklərini genişləndirir. 1817-ci ildə Bağdadda Mövlanə Xalid Şah Süleymani Həzrətlərindən Xilafət rütbəsini alandan sonra, zahiri və batini elmləri təbliğ etmək üçün Şirvana dönür.

Qafqazda Siracəddin Şirvani Şeyx Şamil hərəkatına qoşulur və Şamilə Xilafətnamə verir. İsmayıl Siracəddin Şirvaninin Şeyx Şamilin mürşidi və müəllimi olduğunu bilən rus hökuməti onu dərhal həbs edir. Lakin o, müridlərinin köməyi ilə həbsxanadan qaçmağa nail olur və 1827-ci ildə əvvəlcə Axıskaya, sonrada da Amasyaya yetişir. Uzun müddət Amasyada və Türkiyənin başqa şəhərlərində dini fəaliyyətlə məşğul olur. 1848-ci ildə xoleradan rəhmətə gedir və Şamlar qəbirstanlığında basdırılır.

İsmayıl Şirvaninin davamçılarından biri əslən zəngəzurlu olan Mir Həmzə Nigaridir. Onun türbəsi və “Şirvanlı camisi” kimi tanınan məscid hal-hazırda Amasyanın mərkəzində yerləşir. Amasyada ilk bələdiyyə təşkilatı 1881-ci ildə yaradılmışdır və onun ilk rəisi Əbdürrəhim Əfəndi Şirvani olmuşdur. Yerli əhali arasında "şirvanlı" adı ilə tanınan Azərbaycan türkləri indinin özündə də Amasyada və ətraf kəndlərdə yaşayırlar.